Elektro Bağlamanın Ağac İstehsalı Mərhələsi Necə Olmalıdır?
Elektro bağlamalar ümumiyyətlə ilk istehsal mərhələsində elektro bağlama olacaq şəkildə dizayn edilib istehsal olunurlar. Çanağın ölçüsü, qapağın qalınlığı, çanağın daxili dayaq elementləri, incə kökləmə mexanizmi, hündürlüyü tənzimlənən xərək, sazın üzərindəki dekorativ işləmələr və s. elektro saz quruluşuna görə dizayn olunaraq istehsal edilir.

Lakin bəzi hallarda akustik bağlama kimi istehsal olunmuş sazların modifikasiya edilərək elektro bağlamaya çevrildiyini də görürük. Akustik bağlama kimi istehsal olunmuş sazların qapaqları akustik səs quruluşu nəzərə alınaraq incə hazırlanır. Belə sazlara sonradan səsgötürən quraşdırılması, artıq incə olan qapağın zamanla deformasiyaya uğramasına səbəb ola bilər (qapağın daxilinə dayaq elementləri əlavə edilsə də, yenə problemlər yaşanır). Digər təsir isə, akustik bağlama qapağında çalğı zamanı yaranan titrəmələrin səsgötürənlər üzərində də təsirli olaraq istənilməz uğultu və harmonik səslər yaradacağıdır. Bu və oxşar təsirlərə görə akustik bağlama kimi istehsal olunmuş sazın sonradan elektro bağlamaya çevrilməsi məsləhət görülməyən haldır.

Elektro bağlamalarda çanağın ölçüsü tembrə birbaşa təsir edəcəkdir. Elektro bağlamalar üçün ən ideal çanaq ölçüsü 39 - 41 sm olanlardır. Bu ölçülərdən kiçik və ya böyük çanaqlı elektro bağlamalar da mövcuddur, lakin bu sazların tembri ideal elektro bağlama tembrlərindən fərqlənir.

Çanağın ölçüsü sazın tel uzunluğunu müəyyən edir. Tel uzunluğundan asılı olaraq sazın üzərində çəkiləcək kökləməyə görə tellərin gərginliyi dəyişəcəkdir. Aşağıda daha ətraflı izah olunacaq texniki təfərrüatlarda da görüləcəyi kimi; tel gərginliyi tembrə birbaşa təsir edən amildir. Tel gərginliyi nə qədər çox olsa, tembr bir o qədər təmiz; nə qədər boş olsa, tembr bir o qədər bulanıq olacaqdır...


